Smart Qadjetlər, Smart Saatlar

Apple Watch Series 9 smart saatı təqdim edilib

Keçən gecə Apple şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində iPhone 15 smartfon seriyasını təqdim etdi. Lakin şirkət təkcə smartfon təqdimatı ilə yetinmədi. Belə ki, iPhone 15 seriyası ilə yanaşı Apple həmçinin Watch Series 9 smart saatını da təqdim etdi. Apple Watch Series 9 smart saatı xarici görünüşcə keçən ilki Watch Series 8-dən heç də fərqlənmir. Lakin bununla belə yeni smart saat Apple Watch Ultra-nın bəzi özəlliklərini əldə edib və yeni prosessor ilə təchiz olunub. Apple Watch Series 9-un əsas fərqləndirici tərəfi onun Apple S9 adlı yeni prosessor və 4 nüvəli Neural Engine çipi ilə təchiz olunmasıdır. Yeni smart saatda istifadə edilən S9 prosessoru özündə 60% daha çox tranzistoru birləşdirir və o, 30% daha sürətlə çalışan qrafikaya sahibdir. Neural Engine çipi isə 2 dəfə daha sürətlə çalışır.

Apple Watch Series 9-da yeni prosessorun istifadə edilməsi sayəsində şirkət öz növbəsində bir neçə yeni software funksiyasını reallaşdıra bilib. Məsələn yeni smart saatda ekrana toxunmadan əl hərəkəti vasitəsilə idarəetmə sistemi reallaşdırılıb. Bu idarəetmə sistemi böyük və şəhadət barmağının bir-birinə toxunuşuna əsaslanır. İstifadə ssenarisindən asılı olaraq sözügedən idarəetmə sistemi Digital Crown adlı hərəkətli düyməni əvəz edə bilər. Məsələn smart saatda zəngli saat işə düşən zaman istifadəçi bu idarəetmə sistemi vasitəsilə onu deaktiv edə bilər. Bundan əlavə olaraq daxil olan zənglərə bu idarəetmə sistemi vasitəsilə cavab vermək olar. Jestlər əsasında qurulmuş idarəetmə sistemi smart saatın ekranını aktivləşdirməyə və ekranda əks olunan vidjetləri aşağı sürüşdürməyə imkan verir.

Jestlərin təyin olunması üçün smart saat akselerometr, hiroskop, ürək döyüntüləri ritminin təyin olunması sensoru və qandakı oksigen miqdarını ölçən sensordan istifadə edir. Smart saatda reallaşdırılmış digər bir yenilik isə offline rejimdə çalışan Siri səsli köməkçisidir. Lakin internetə qoşulu olmadan istifadəçi yalnız məhdud sayda səsli əmrdən istifadə edə bilər. Siri öz növbəsində istifadəçi nitqini 20% daha yaxşı başa düşür və istifadəçinin səhhəti ilə bağlı məlumatları əldə edə bilir. Məsələn istifadəçi səsli köməkçidən ürək döyüntüləri ritminin göstəricilərini və gecə neçə saat ərzində yatdığını soruşa bilər.

Apple Watch Series 9 parlaqlığı 2000 nit təşkil edən OLED ekran ilə təchiz olunub. Ekran Always-on-Display rejimini dəstəkləyir və bu rejim çərçivəsində onun parlaqlıq səviyyəsi yalnız 1 nit təşkil edir. Smart saatın təkcə GPS-ə və GPS ilə LTE-yə sahib versiyaları mövcuddur. Satışa Apple Watch Series 9 smart saatı iki gövdə ölçüsündə çıxacaq. Onlardan biri 41 mm, digəri isə 45 mm gövdə ölçüsünə sahibdir. Smart saatın GPS dəstəkli versiyası 399$-a, GPS və LTE dəstəkli versiyası isə 499$-a satılacaq. Apple Watch Series 9 smart saatı 22 sentyabr tarixində satışa çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir